Kommersiya Strategiyası

Kommersiya Strategiyası

            Strategiya - uzun müddətə istiqamətlənən prinsipial qərarların qəbul edilməsi ilə bağlı olan davranış xətti, fəaliyyət tərzi və siyasətdir. Kommersiyanın strategiyası – müəssisənin istehsalına, bölgü və malların satışına, o cümlədən mənfəətin artırılmasına yönəldilən dəyişikliklər üzrə bir ildən çox dövr üçün nəzərdə tutulan siyasətidir.

            Kommersiyanın iqtisadi və siyasi vəziyyətinin təhlili dövlət müdaxiləsinin dərəcəsini, inflyasiyanın mövcudluğu və onun tendensiyalarının, ekoloji vəziyyəti (qanunvericilik, ictimai hərəkatlar), xammal və enerji ilə təchiz olunma imkanlarını (təchizata zəmanət, qiymətlərin sabitliyi, yeni materialların olması) nəzərə almağı tələb edir. Bu zaman sifarişçinin cəlbediciliyin əsas meyarları bazarın ölçüsü və genişlənmə imkanları hesab edilir.

            Kommersiyanın strategiyası bazarın tədqiq olunması, müəssisənin rəqabət mübarizəsində imkanlarının öyrənilməsi, sifarişçilərin seçilməsi, mal siyasətinin müəyyən edilməsi əsasında işlənilir. Kommersiyanı həyata keçirmək üçün, birinci, mala malik olmaq, ikincisi isə - onu ucuz alıb baha satmaq imkanına malik olmaq lazımdır. Ancaq bu halda mənfəət əldə etmək olar. Buradan belə çıxır ki, kommersiya fəaliyyətə ilk əvvəl malların alışı ilə başlamalıdır.

            Həm daxildə, həm də xaricdə fəaliyyət göstərən əmtəə məhsullarının istehsalçıları, vasitəçilər, topdansatış yarmarkaları və bazarları, əmtəə birjaları, hərraclar malgöndərən kimi çıxış edirlər. Malların alışını - ticarət müəssisələri, topdansatış və ya xırda topdansatış mal dövriyyəsinin həyata keçirilməsi prosesi zamanı - hüquqi şəxslər və yaxud fərdi sahibkarlar, fiziki şəxslər yerinə yetirirlər. Alışların həyata keçirilməsi zamanı mal istehsalçılarına, topdan malgöndərənlərə, həmçinin xarici firmalara üstünlük verilməlidir.

            Geniş çeşidin formalaşdırılması və saxlanılması məqsədilə malgöndərənlərdən malın alışını partiyalarla, yeni malların alınması ilə həyata keçirmək lazımdır. Kommersantın vəzifəsi – buna hərtərəfli yardım etməkdir. Bunun üçün malların hərəkəti və satışının daimi uçotunu aparmaq, ticarət müəssisələrinin tələblərini və sifarişlərini sistemləşdirmək, ödənilməmiş tələbin səbəblərini təhlil etmək, alıcılarla işləmək lazımdır.