Logistika Xidməti

Logistika Xidməti

         Logistika – malların və xidmətlərin müştərilərin tələblərinə uyğunlaşdırılması üçün istehsalçıdan istehlakçıya çatdırılması, planlaşdırılması, yerinə yetirilməsi və effektiv idarə olunması prosesidir.Logistika məhsul istehsalı üçün zəruri olan xammal və materialların əldə edilməsi, tədarük bazarının tədqiqi, məhsulların qiymətləndirilməsi və seçilməsi mərhələsindən, məhsul istehsalının təşkili, ehtiyatların yaradılması, çatdırılma üsullarının seçilməsi, məhsulların bazara çıxarılması və satışına qədər bütöv bir sistemdir. Bu baxımdan, logistika iqtisadi bazar sistemində məhsul prosesinin planlaşdırılması, təşkili, funksional idarəedilməsi və nəzarəti haqqında nəzəri və praktiki fəaliyyət sahəsidir. Logistika istehsalçılardan son istehlakçılara qədər məhsulların istehsal olunması və xidmətlərin göstərməsi ilə əlaqədar olan bütün prosesləri tənzimləyir.        Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, təchizat sistemində yaranan problemlərin həlli və sifarişin son mərhələsinin uğurlu yekununu logistika xidməti həyata keçirir. Logistika xidməti müəssisə daxilində və xaricində material resurslarının anbarlaşdırılması və çatdırılmasının planlaşdırılması və idarə edilməsinə nəzarət edir. Logistikada nəqliyyat üzrə əsas vəzifələr nəqliyyat sistemləri yaratmaq, nəqliyyat-anbar prosesinin texnoloji vəhdətini təmin etmək, nəqliyyat vasitəsinin növünü seçmək, daşınmanın optimal marşrutunu müəyyənləşdirmək, daşınma prosesini planlaşdırmaq, daşınmada iştirak edən tərəfdaşların texniki təchizat və iqtisadi maraqlarını təmin etməkdir. Bazar iqtisadiyyatında logistika xidmətinin inkişafı iqtisadi reformların səmərəliliyinin yüksəldilməsinə və təkmilləşdirilməsinə təsir göstərir.