Marketinqin Əsasları

Marketinqin Əsasları

            Marketinqin ən böyük üstünlüyü biznes imkanlarını gücləndirmək üçün daha geniş hüdudları təmin etməkdir. Marketinq beynəlxalq mühitdə satış şirkətlərin innovativ çərçivələrini genişləndirir, yerli bazarda əldə edə bilməyəcəkləri imkanlar yaradır.

            Bəzən hesab edilir ki, marketinq yalnız reklamdan ibarətdir. Lakin marketinqə müştərilərin tələbatını ödəmək fəaliyyəti kimi baxmaq lazımdır. Marketinq istehlakçılarla faydalı əlaqələrin idarə olunması və planlaşdırma prosesidir. Bu proses məhsulun yaradılması, qiymətləndirməsi, təbliğatının aparılması və yayılmasından ibarətdir. Marketinqin məhsulu mal, xidmət və ya fikir ola bilər. Marketinqin nəticəsi mübadilə, obyekti isə şəxs və ya təşkilatdır.

            Rəqabət bazarında işləyən təşkilat marketinq təfəkkürünün prinsiplərinə əməl etməsə, bazarda uzun müddət qalaraq, rəqabət üstünlüyü əldə edə bilməz. Məlum olduğu kimi, tələbatın təklifi üstün gəldiyi bazarlara “satış bazarı”, təklifin tələbatdan üstün olduğu bazarlara isə “alış bazarı” deyilir. Hazırda iqtisadi və texnoloji tərəqqinin inkişaf etdiyi dövrdə demək olar ki, bir çox biznes sahələri artıq çoxdan alıcının bazarına çevrilmişdir və bu bazarlarda “müştəri haqlıdır” prinsipi üstünlük təşkil edir. Bu da bir daha marketinq təfəkkürünün və düşüncə tərzinin vacibliyini sübut edir.

            Biznesin davamlı uğur əldə etməsi üçün bir sıra amillər tələb olunur və onlardan əsas amillər müştəri məmnunluğu, şirkətin gəliri, təşkilatın səyi və ictimai dəyərdir. Qeyd edilənlərdən birinin yoxluğu, bütövlükdə biznesin müflis olmasına səbəb ola bilər. Eyni zamanda məlumdur ki, hər il dünyada yaranan milyonlarla yeni şirkətlərin heç də hamısı uğur əldə edə bilmir və qarşısına qoyduğu məqsədlərə nail ola bilmir. Bunun əsas səbəbləri kimi, şirkətin fəaliyyətinin marketinq və bazar prinsiplərinə uyğunlaşmadığı və marketinq fəaliyyətinin düzgün idarə edilmədiyi göstərilir.

            Marketinqin fəaliyyətinin idarə edilməsinin əsas müvəffəqiyyəti marketinq funksiyasının təşkilati strukturundan, marketinq strategiyasından, İT dəstəyindən, düzgün tərtib edilmiş marketinq və satışlar üzrə planlardan, marketinq əməliyyatları üçün adekvat büdcədən, marketinq üzrə mütəxəssislərin peşəkarlığından və xarici dəstəyin düzgün seçilməsindən aslıdır.

            Biznesin effektiv idarə edilməsi, marketinqin prinsiplərinin biznesə tətbiq edilməsi və davamlı uğur əldə etmək üçün marketinq strategiyasının müəyyənləşdirilməsi vacib məsələdir. Marketinq strategiyası ümumi biznes strategiyasının bir hissəsi olaraq, biznes hədəflərinə çatmaq üçün marketinq alətlərindən istifadədə ümumi yanaşmanı nəzərdə tutur.