Qablaşdırma və Sertifikatlaşdırma

Qablaşdırma və Sertifikatlaşdırma

            Məhsul qablaşdırılması onun növündən, xüsusiyyətindən, kənar təsirlərə reaksiyasından və tərkibindən asılı olaraq təyin edilir. Qablaşdırmanın məqsədi məhsulun təhlükəsiz və göstəricilərinin normativlər çərçivəsində saxlanması, daşınması və istehlakçılara çatdırılmasına nail olmaqdan, istehlakçıları məhsul haqqında zəruri məlumatlarla təmin etməkdən ibarətdir.Qablaşdırmada nəzərə alınan əsas məsələ onun təmasda olduğu məhsula, insana və ətraf mühitə təsiri və qablaşdırmanın istehlakçılara daşıdığı məlumatlardır. Qablaşdırma zamanı müsbət nəticələrə nail olmaq üçün qablaşdırmanı onun xüsusiyyətlərinə uyğun həyata keçirmək lazımdır.

            Qablaşdırma avadanlıqlarına gəldikdə isə indi müasir texnologiyalara əsaslanan qablaşdırma avadanlıqlarında istifadə olunur, onlar insan əli dəymədən məhsulun birinci və ikinci dərəcəli qablaşdırmasını aparmağa imkan verir. Hazırkı dövrdə qablaşdırma əsasən avtomatlaşdırılmış avadanlıqlar tərəfindən tənzimlənir.Markalanma qablaşdırmanın əsas ünsürüdür. Markalanma dedikdə məhsulun qabının üzərinə yerləşdirilən yazılar, işarələr və digər kombinasiyalı elementlər nəzərdə tutulur. Markalanmanın əhəmiyyəti ondan ibarətdir ki, məhsul, onun tərkibi, istifadə qaydaları, təhlükəsizlik göstəriciləri və digər zəruri məsələlər haqqında informasiyalar istehlakçılara və digər tərəflərə məhz markalanma vasitəsilə daşınır. Markalanmaya dair tələblərə əsasən markalanmanın məzmunu markalanma yeri və üsulu ilə bağlıdır.

            Məlum olduğu kimi məhsulların sertifikatlaşdırılmasında məqsəd onların qoyulmuş tələblərə, eləcədə insan, heyvan və bitkilərin sağlamlığına və təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə dair tələblərə uyğun olduğunu təsdiq etməkdir. Məhsulların sertifikatlaşdırılması onların sərbəst dövriyyəsinə, məhsulların təkrar sertifikatlaşdırma aparmadan idxal-ixracına şərait yaradır. Məhsulların sertifikatlaşdırılması onların istehsalı, emalı, idxalı və ixracı səviyyəsində aparılır. Bəzi sertifikatlar hər mal partiyasına, bəzi sertifikatlar isə istehsalata verilir. Ona görə hər mal partiyasına satış, idxal və ixrac edilmək üçün ayrıca, istehsalata isə müəyyən müddət üçün verilir ki, bu müddət ərzində istehsal olunan mallar həmin sertifikat əsasında satıla bilər.

            Keyfiyyət sertifikatı qablaşdırmadan sonrakı ilk tələbdir. Qeyd edildiyi kimi Avropa Birliyi ilə əldə edilmiş razılığa əsasən Birliyə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatı verilir. Sertifikatın alınması üçün mütləq şəkildə müvafiq qurumlara ərizə ilə müraciət olunmalıdır. Hal-hazırda Avropa Birliyi Azərbaycandan idxal olunan yeyinti məhsulları üçün gömrük rüsumlarını sıfıra endirib, bu isə bizim malların bazarda rəqabətə dözümlüyünü artırır. Lakin unutmayaq ki, Avropa bazarına daxil olmaq üçün digər maneələr də mövcuddur, ən önəmlisi də - keyfiyyət standartlarıdır.