Tələb və Tələbat

Tələb və Tələbat

            İnsanların tələbatlarının öyrənilməsi – kommersiya və marketinqin mühüm vəzifələrindən biridir. Alıcıların maddi imkanları ilə möhkəmləndirilmiş tələbatlar tələb adlanır. Tələb müəyyən bir şeydir və onu öyrənmək, hesablamaq, proqnozlaşdırmaq və ya planlaşdırmaq mümkündür. İlk olaraq, sahibkar alıcılıq tələbini konkret mala və sonradan isə mənfəətinə çevirməlidir. Bu kommersiyanın mərkəzi vəzifələrindən biridir. Bu zaman, mal dedikdə, ehtiyac və tələbatları ödəyən və alıcı və ya istehlak üçün təklif olunan hər bir şey başa düşülür.

            İstehlakların ödənilməsi malın köməyi ilə həyata keçirilir və alıcının mala olan tələbi bazarda reallaşır. Burada bazar kimi həm mövcud olan, həm də mümkün ola bilən malın alıcılarının məcmusu başa düşülür. Bazar sahibkarı malın pulunu ödəməklə təmin edir. Normal şəraitdə ödənişin məbləği sahibkarın xərclərindən müəyyən qədər artıq olmalıdır. Deyilənləri nəticələndirərək belə müəyyən etmək olar ki, kommersiyanın əsas məqsədi, insanların tələbatlarını firmanın mənfəətinə çevirməkdən ibarətdir.

            Tələbin dəyişilməsinin zamanla yoxlanılmış yolu istehsalın təkmilləşdirilməsi hesabınadır. Tövsiyyələr ona istiqamətlənib ki, malın maya dəyərini azaltmaqla, tələbi artırmaq olar. Ucuzlaşdırılmış mala artan tələb istehsal həcmlərinin artımı, əmək məhsuldarlığının qaldırılması və s. hesabına ödənilə bilər. Hazırki dövrdə kommersiya səylərini artırmaqla tələblərə tez-tez təsir edirlər, yəni təkcə malın hansı yolla və necə hazırlanmasına deyil, həm də malın necə təqdim olunmasına xüsusi əhəmiyyət verirlər. Daha müasir yol, bazarın tələbatlarının müəyyən olunması və rəqiblərin dəf edilməsi ilə tələblərə təsir göstərilməsidir. Bu isə kommersiya və marketinq üçün ən uğurlu yoldur.

            Marketinq tədqiqatları zamanı mənfəətin artırılmasına doğru aparan və firmanın məqsədlərinə və resurslarına uyğunlaşdırılan malların satışının yaxşılaşdırılması imkanları qiymətləndirilir. Kommersiyanın bu yolda əsas məqsədi istehlakın maksimal yüksək səviyyəsinə nail olmaqdır. Bu halda firmanın məqsədi istehlakçıya “tələb nə qədər yüksəkdirsə, o qədər də yaxşıdır” prinsipi əsasında təsir göstərməkdir. Bu zaman şirkətin əsas diqqəti bütün mümkün ola bilən yollarla mallara olan tələbi həvəsləndirməyə yönəltməkdir. Digər məqsəd istehlakın artırılması deyil, alıcının həmin maldan razı qalmasından ibarətdir. Şirkətlər öz rifahını alıcının rifahı ilə bağlayır.